Azərbaycan, Bakı, 22 may / Trend müxbir K.Zərbalıyeva/
Bakıda 7 kiloqramdan artıq civə tapılıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda, metal tullantılarının arasında 0,5 litrlik plastik qabda şübhəli maddə aşkarlanıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin mütəxəssisləri içərisində şübhəli maddənin olduğu qaba baxış keçiriblər. Qabda 7,2 kq civə olduğu müəyyən olunub.
Aşkarlanmış civə nazirliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada götürülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.