...

Bakı sakinini girov götürənlər həbs ediliblər

Hadisə Materials 22 Noyabr 2012 17:49 (UTC +04:00)
Bakı şəhər prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətləri paytaxt sakininin girov götürülməsi cinayəti ilə bağlı birgə məlumat yayıblar.
Bakı sakinini girov götürənlər həbs ediliblər

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətləri paytaxt sakininin girov götürülməsi cinayəti ilə bağlı birgə məlumat yayıblar.

Trend-ə daxil olan məlumatda bildirilir ki, noyabrın 20-də saat 11:00 radələrində Yeni Suraxanı qəsəbə sakinləri Şahin Əliyev və Əhməd Həsənov qabaqcadan əlbir olan cinayətkar qrup təşkil etməklə tanışı Orxan Nağıyevi əvvəllər ona verdikləri 15 min manat pulu tələb etmək məqsədilə Ə.Həsənovun yaşadığı evin həyətindəki toyuq hinində saxlamaqla həmin gün saat 23:00-dək qanunsuz olaraq azadlıqdan məhrum ediblər.

Daha sonra onlar bu barədə zərərçəkmişin arvadı Zülfiyyə Nağıyevaya məlumat verməklə ondan pul tələb ediblər. Sonuncunun müraciəti əsasında Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Şahin Əliyev və Əhməd Həsənovun bu qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Fakta görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində şübhəli bilinən Şahin Əliyev və Əhməd Həsənov tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti