Azərbaycan, Bakı, 9 fevral /Trend/
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı orta məktəbdə partlayıcı qurğu yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olmuşdur. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır.
Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırmışlar. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 19:36-da başa çatmışdır.