Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət /
Güclü sel Tərtər rayonunda 250 başa yaxın xırdabuynuzlu heyvanı tələf edib, evlərə ciddi ziyan dəyib.
Trend EL TV-yə istinadən xəbər verir ki, leysan yağışlar Tərtər rayonu ərazisində ciddi fəsadlara yol açıb. İki saata yaxın davam edən aramsız leysan rayon ərazisindən keçən İncə çayının daşmasına səbəb olub. Güclü küləklə müşayiət olunan yağış otlaq sahələrində olan heyvanları da tələf edib.
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları hadisə yerində olub. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, ilkin hesablamalara görə, ümumilikdə Borsunlu kəndində 250-yə yaxın xırdabuynuzlu heyvan tələf olub. Kənd ərazisində bir neçə evə ciddi ziyan dəyib.
Güclü sel kəndi iki hissəyə bölüb. Çayın sağ və sol sahilinə gediş-gəliş tamamilə iflic vəziyyətə düşüb. Sakinlər yalnız sel suları azaldıqdan sonra çay üzərindəki boruların üzərindən keçməklə qarşı tərəflə əlaqə yarada biliblər. Hazırda yerli strukturların həyata keçirdikləri tədbirlər nəticəsində kəndlər arasında əlaqə bərpa olunub. Dəyən ziyanın miqdarı hesablanır.