Azərbaycan, Bakı, 7 iyul /Trend/
Kanalda batan şəxsin cəsədi tapılıb, çayda batan 5 nəfər isə xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 4-də Samur-Abşeron kanalının Şabran rayonu, Taxtalar kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 125 km aralıda) batmış 1989-ci il təvəllüdlü Eldar Elxan oğlu Kiçibekovun axtarışları başa çatıb.
E.Kiçibekovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 15 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Quba rayonunda vətəndaşa məxsus "Wolsvagen" markalı minik avtomabili çayda batıb. Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə olan 1 sürücü və 4 sərnişin (3 qadın, 2 kişi) avtomobildən sahilə çatdırılıb, avtomobil isə qoşqu vasitəsilə sudan çıxarılıb.