...

Şahin Sultanovun məhkəməsində təqsirləndirilənlər son söz deyib

Hadisə Materials 3 Fevral 2017 14:12 (UTC +04:00)
Bu gün Nəsimi rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Şahin Sultanovun məhkəməsində təqsirləndirilənlər son söz deyib

Bakı. Samir Əli - Trend:

Bu gün Nəsimi rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfərin işi üzrə cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Telman Abdiyevin Trend-ə verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Əli Allahverdiyev, Yunis Əliyev, Elxan Hacıyev, Kamandar Paşayev və Faiq Xamoyev son söz deyiblər. Təqsirləndirilən şəxslər iş üzrə özlərini qismən təqsirli bilib və məhkəmədən obyektiv hökm çıxarılmasını istəyiblər.

Hakim iş üzrə təqsirləndirilən Ş.Sultanov və digər 4 nəfərin son söz deməsini növbəti məhkəmə prosesinə saxlayıb və iş üzrə növbəti proses fevralın 10-na təyin olunub.

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Ş.Sultanovun 13 il, digər təqsirləndirilənlərin isə 5-7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Həmçinin prokuror iş üzrə təqsirləndirilən 3 nəfərə şərti cəza istəyib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə daha 27 nəfər müxtəlif hərbi rütbəli şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ş.Sultanov və digər təqsirləndirilən 27 nəfər hərbi qulluqçu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti