Bakı. Samir Əli - Trend:
Bu gün Nəsimi Rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin səhhətindəki problemlərlə əlaqədar həbsdən ev dustaqlığına buraxılması haqda verdiyi vəsatətə baxılıb.
Trend-in məlumatına görə, prosesdə vəsatət təmin edilməyib.
Vəkil Aqil Layıcov bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.
F.Əmirli ötən il avqustun 20-da saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.