Bakı. Tural Turan - Trend:
Bakıda 1 ədəd əl qumbarası tapılıb.
ANAMA-dan Trend-ə verilən məlumata görə, dünən saat 14:21-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhəri, Səbail rayon Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail rayon Polis idarəsinin əməkdaşları birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Mikayıl Əliyev küçəsinə baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd əl qumbarası (Mills N36) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.