...

Bakıda narkoşəbəkə üzvləri polisə müqavimət göstərdi, qəza törətdi (FOTO)

Hadisə Materials 17 Yanvar 2020 15:32 (UTC +04:00)

Bakı. Trend:

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkənin üzvlərinə qarşı geniş miqyaslı əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ-yə Mahizər adlı qadının paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin qadın, Bakı şəhər sakini Mahizər Məmmədova Nərimanov rayonunda saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 kiloqram 50 qram narkotik vasitə heroin və 321,964 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Polis əməkdaşları saxlanılan şəxsin ətrafında əməliyyat tədbiri həyata keçirən zaman müəyyən edilib ki, M.Məmmədova narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Maqsud” adlı İran vətəndaşından satmaq məqsədi ilə əldə edib.

Qeyd edək ki, M.Məmmədova bir neçə dəfə həmin şəxsin ona göndərdiyi heroini və metamfetaminin satışını həyata keçirib. O, narkotik vasitələrin pulunu “Maqsud”a Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin birinin tələbəsi olan İran vətəndaşı Afşin Naderinin vasitəsi ilə göndərib. Polis əməkdaşları tərəfindən A.Naderi də saxlanılaraq istintaqa təqdim edilib və o, ifadəsində etdiyi cinayəti etirf edib. Saxlanılan şəxslərin cinayət əlaqələrinin və narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində Cəlilabad RPŞ əməkdaşlarını tərəfindən tədbirlər davam etdirilən zaman “Maqsud” adlı şəxsin M.Məmmədova yenidən külli miqdarda narkotik vasitə göndərəcəyi məlum olmuşdur. Görülmüş tədbirlərlə Cəlilabad RPŞ əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində M.Məmmədovaya 3 kiloqram 500 qram heroin vermək istəyən Mingəçevir şəhər sakinləri əvvəllər məhkum olunmuş Heydər Məmmədov və Azər Ağayevi də tutularaq istintaqa təqdim ediliblər.

Qeyd edək ki, H.Məmmədov və A.Ağayev saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstəriblər. H.Məmmədov idarə etdiyi “Lada Priora” markalı avtomobillə qaçmaq istəyən zaman maşını əvvəlcə polislərin avtomobilinə, daha sonra maneəyə vuraraq qəza törədib. Polislərin gördükləri tədbir nəticəsində onların qaçmasına imkan verilməyib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti