...

Ağstafada top mərmiləri aşkar olunub (FOTO)

Hadisə Materials 14 May 2020 23:36 (UTC +04:00)
Ağstafada top mərmiləri aşkar olunub (FOTO)

Bakı. Trend:

Mayın 14-ü saat 11:46-da Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Köhnə Qışlaq və Yaradulla kəndləri ərazisində mərmilərin tapılması barədə məlumat daxil olub.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən xəbərə görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş kəndlərin ərazisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən Köhnə Qışlaq kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 8 ədəd müxtəlif çaplı top mərmiləri, Yaradulla kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində isə 1 ədəd praktiki atışlar üçün nəzərdə tutulmuş 130 mm-lik top mərmisi (PBR-482) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 750 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 14 may 2020-ci il tarixlərində 117 siqnal (əməliyyat çağırışı) əsasında 103 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 328 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 532 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 53 805 kv.m ərazi yerüstü və 6 826 kv.m ərazi yeraltı yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti