...

Sumqayıtda meyiti quyudan tapılan şəxsin öldürüldüyü məlum olub

Hadisə Materials 15 Mart 2021 18:34 (UTC +04:00)
Sumqayıtda meyiti quyudan tapılan şəxsin öldürüldüyü məlum olub

Bakı. Samir Əli - Trend:

18 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Əmirov Xanəli Əlişan oğlunun itkin düşməsi ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Xanəli Əmirovun qəsdən öldürülməsi müəyyən edilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin tanışı 1997-ci il təvəllüdlü Rəhimov Yusif Hafiz oğlunun 18 dekabr 2020-ci il tarixdə Xanəli Əmirovun Sumqayıt şəhəri, H.Z.Tağıyev ünvanında yaşadığı evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməsi və meyitini qəsəbədə yerləşən məktəbin zirzəmisinə ataraq yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yusif Rəhimovun dayısı Rəşidov Tehran Ədalət oğlunun cinayəti törətməkdə istifadə edilən cinayət alətini təmin etməklə, məsləhət və göstəriş verməklə, habelə cinayətin izlərini gizlətməklə Yusif Rəhimova köməklik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yusif Rəhimov və Tehran Rəşidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti