Bakı. Trend:
Göygöldə soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sərkarlı kənd sakininin evinə qeyri-qanuni yolla daxil olaraq vətəndaşın boğazındakı qızıl boyunbağını soyğunçuluq yolu ilə mənimsəyən rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Novruzov saxlanılıb. Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında rayonun Hacıməlik kəndi ərazisindən ümumi uzunluğu 800 metr olan yüksək gərginlikli elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən rayon sakinləri Gülağa və qardaşı Elvin Əsgərovlar saxlanılıb. Həmin şəxslər istintaq təhvil verilib, araşdırmalar davam etdirilir.