Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Kəmalə Şıxəliyevanın istintaqda verdiyi ifadəsi elan olunarkən məlum olub ki, ona 300 min dollar ziyan dəyib.
İclasda vəkillər zərərçəkmişin məhkəməyə gəlməməsinə etiraz ediblər. Müdafiəçilərin sözlərinə görə, Kəmalə Şıxəliyeva digər zərərçəkmişləri də Rafael Cəbrayılovla tanış edib və cinayət işində ən mühüm zərərçəkmiş şəxsdir.
İclasda şahid qismində dindirilən Rafael Cəbrayılovun Milli Məclisdə deputat olan vaxt köməkçisi işləmiş Faiq Bayramov Rafael Cəbrayılov ilə bir xanım arasında yaranmış problemli məsələdən xəbərdar olduğunu deyib.
"2015-ci ildə Milli Məclisə deputat seçkiləri zamanı sosial şəbəkələrdə məlumat yayılmışdı ki, Rafael Cəbrayılov insanları aldadır, onlardan pul alıb qaytarmır. Onun digər işləri ilə bağlı məlumatım yoxdur, mən sadəcə Milli Məclisdə köməkçisi idim",- şahid bildirib.
Daha sonra iclasda ifadə verən zərərçəkmiş Kəmalə Şıxəliyeva deyib ki, torpaq sahəsi alarkən Rafael Cəbrayılovdan şübhələnib:
"Torpaq sahəsinin alınması üçün Rafaellə oğlum görüşdü. 340 min bir, 240 min manat da bir verdik. Açığı pulu ödəyəndə mən şübhələndim, amma oğlum dedi ki, narahat olma, deputat adamdır, başqa söhbət ola bilməz".
Proses aprelin 14-də davam etdiriləcək.
Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.
Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.
Xatırladaq ki, Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli
Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə
mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə
çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər
məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2
milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə
ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar
nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla
qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən
edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət
Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla
törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə-
ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və
cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.
Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat edib.