Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Martın 8-də Yasamal rayonu ərazisində "Ət bazarı"nın sökülməsi ilə əlaqədar polislərlə satıcılar arasında baş vermiş insidentlə bağlı daha bir nəfər həbs olunub. Yasamal rayon prokurorluğunun müstəntiqi Ələkbər Rzayev bildirib ki, Laçın rayonunun Minkənd kənd sakini Qədim Əliyev barəsində Cinayət Məcəlləsinin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ondan öncə Laçın rayonunun Minkənd kənd sakinləri Vüqar Mürsəlov və Cəlil Səfərov da eyni maddələrlə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar. Hadisə ilə bağlı saxlanılan digər şəxslər isə azadlığa buraxılıb.
Məlum insident zamanı 8 nəfər polis əməkdaşı ağır, az ağır və yüngül dərəcəli bədən xəsarətləri alıblar. Onlar arasında Yasamal Rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov da var. Hazırda istintaq tədbirləri davam etdirilir.