...

Ağdamdan olan məcburi köçkünlər etiraz aksiyası keçiriblər

Hadisə Materials 9 Avqust 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu / Bərdə rayonunun dəmir yol stansiyasında yerləşən yük vaqonlarında müvəqqəti məskunlaşan Ağdamdan olan on məcburi köçkün ailəsi etiraz aksiyası keçirib. Məcburi köçkünlərin sözlərinə görə, Ağdam ərazisində yeni salınan qəsəbələrdə bu vaxta qədər evlə təmin olunmayıblar.

Məcburi köçkünlər bununla bağlı aidiyyatı orqanlara müraciət etsələr də, bu günə qədər onlara heç bir cavab verilməyib və müraciətləri nəticəsiz qalıb.

"Son günlər havaların həddindən artıq isti keçməsi bizim dəmir vaqonlarda yaşamağımızı daha da çətinləşdirib. Ev kimi istifadə etdiyimiz vaqonların yayda isti, qışda soyuq olması müxtəlif xəstəliklərə tutulmağımıza səbəb olur" - deyə Ağdamdan olan məcburi köçkünlər bildiriblər.

Ağdamdan olan məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi və evlə təmin edilməsi işinə məsul şəxs olan Elman İsmayılov isə bildirib ki, adıçəkilən ərazidə on deyil, bir ailə yeni evlə təmin olunmayıb: "Biz həmin ailəyə müraciət etmişik ki, onları evlə təmin edək. Ancaq həmin ailə onlara təklif olunan əraziyə köçməkdən imtina edib".

İsmayılov vurğulayıb ki, Bərdənin dəmir yol stansiyasında yerləşən vaqonlarda məskunlaşan Ağdamdan olan məcburi köçkün ailəsi yeni evlərlə təmin olunmaları üçün onlara müraciət etməyib.

Xəbər lenti

Xəbər lenti