Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Yasamal rayonu Naxçıvani küçəsi ilə Muxtarov küçəsinin kəsişməsində yerləşən çökən binanın ətrafında yerləşən iki hündürmətəbəli yaşayış binaları söküləcək. M.Muxtarovı küçəsi 185 ünvanında yerləşən iki hündürmətəbəli binanın sakinləri bildiriblər ki, yaşadıqları binaların söküləcəyi ilə bağlı onlara xəbərdarlıq olunub. Bu barədə sakinlər məlumat verib. Xəbərdarlığın kim tərəfindən olunması açıqlanmır.
Sakinlər qeyd ediblər ki, "Mütəfəkkir " şirkəti tərəfindən Yasamal rayonu ərazisində tikilən binaların yaşayış üçün yararlı olub- olmadığını müəyyənləşdirmək üçün FHN, Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti və müvafiq layihə institutları tərəfindən yaradılmış ekspert qrupu sakinlərin iştirakı ilə Muxtarov küç. 185 ünvanında yerləşən iki yaşayış binasına baxış keçirib.
Sakinlər bildiriblər ki, baxış keçirilən binalarda heç bir qəza vəziyyəti və təhlükə aşkarlanmayıb. Ona görə də sakinlər yaşadıqları binaların sökülməsinə etiraz edirlər. Onlar iddia edirlər ki, yaşadıqları binaların sökülməsi başqa məqsəd güdür.