Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakının Murtuza Muxtarov 185 küsəsində uçan "Mütəfəkkir" firmasına məxsus binaya bitişik, eyni şirkətin tikdiyi digər binanın sakinlərinə əşyalarını götürmək üçün mənzillərinə girməyə icazə verilib. Bu barədə bazar ertəsi hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.
Avqustun 28-də çərşənbə axşamı Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində yerləşən 16 mərtəbəli bina uçub. İlkin məlumatlara əsasən, binanın uçmasının səbəbləri tikinti zamanı təhlükəsizlik qaydalarının kobud pozulması olub. Son rəsmi məlumatlara görə, qalıqlar altından çıxarılan həlak olmuş insanların sayı 15-ə çatıb.
Rəsmi məlumata əsasən, "Mütəfəkkir" şirkətinin tikdiyi digər binanın da konstruksiyasında qüsurlar aşkarlanıb. Qəzadan sonra həmin binanın sakinləri evlərindən köçürülüblər və binaya buraxılmırlar.
Bu gün səhərdən başlayaraq həmin binanın 30-a yaxın sakini etiraz aksiyası keçirərək
mənzillərinə buraxılmalarını tələb ediblər.
Museyibov jurnalistlərə bildirib ki, Yasamal rayon İcra hakimiyyəti tərəfindən həmin binalarda yaşayan sakinlərin siyahısı tutulur və artıq polis və prokurorluq işçilərinin iştirakı ilə onların evlərindən əşyaların götürülməsi prosesi başlanılıb.
Müseyibov bildirib ki, həmin binaların yaşayış üçün yararsız olduğu müəyyənləşərsə, həmin binaların uçurulması və yaxud bərpa edilməsi məsələsi müzakirəyə çıxarılacaq.