Bakı. Ənvər Məmmədov - Trend:
Gələcəkdə böyüklər arasında yarışlarda da yaxşı nəticələr göstərmək üçün bundan sonra üzərimizdə çalışacağıq. Trend-in məlumatına görə, bunu jurnalistlərə azərbaycanlı gimnast, Çinin Putyan şəhərində keçirilən akrobatika üzrə böyük yaş qrupu arasında dünya çempionatının gümüş mükafatçısı Seymur Cəfərov deyib.
Onun sözlərinə görə, yarışlarda qazanılmış nəticə özü üçün gözlənilən idi: "Ümid edirdik ki, medallar qazanacağıq. Belə ki, çıxışlar üzrə tərəfdaşım Murad Əkbərovla səylə məşq edirdik. Rəqiblər zəif deyildilər, lakin yaxşı çıxış edərək gümüş medal qazana bildik. Fikrimcə, gələcəkdə böyüklər arasında Avropa və dünya çempionatlarında uğurla çıxış etmək üçün üzərimizdə işləməyi davam etdirməliyik".
Çıxışın yekununda 27,500 bal toplamış Cəfərov və Əkbərov kişi cütlüklərinin yarışlarında akrobatika üzrə böyük yaş qrupları arasında dünya çempionatının gümüş medallarını qazanıblar. Azərbaycan dueti 28,050 bal toplamış Rusiya duetindən geri qalıb. 27,000 bal toplamış Böyük Britaniya cütlüyü isə üçüncü olub.
12-18 yaş kateqoriyasında qarışıq yarışlarda çıxış etmiş Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət Azərbaycan dueti də 27,650 bal toplayaraq gümüş medal əldə edib. 28,000 balla birinci olan Rusiya dueti Azərbaycan duetini 0,35 bal qabaqlayıb. Üçüncü yeri isə Böyük Britaniya və Qazaxıstan (27,350 bal) akrobatları bölüşüblər.
Rəhimovun sözlərinə görə, qazanılmış medallar uzun və səylə çalışılan məşqlərin nəticəsidir: "Biz öz üzərimidə çox işləmişik, məşq etmişik, proqramımızı təkmilləşdirmişik və uğurlu nəticəyə nail olmuşuq. Bundan sonra da işləyəcəyik, axı qabaqda bizi hələ çoxlu yarışlar gözləyir".
Qeyd edək ki, bütün 4 mükafatçı Bakı Gimnastika Məktəbinin idmançılarıdır.
Belə böyük miqyaslı yarışda ilk dəfə iştirak edən Azərbaycanın digər qarışıq dueti Abdulla əl-Mşeayhi və Ruhidil Qurbanlı da yaxşı nəticə göstərib.Təsnifatda iki taprşırığın cəmində 53,100 bal toplayan cütlük yeri İspaniya duetinə verib, çünki qaydalara əsasən, finalda bir ölkədən yalnız bir cütlük iştirak edə bilər.