...

Müdafiə naziri: "Ermənistan Azərbaycanın işğal olunan ərazilərində qeydiyyatdan keçməyən böyük silah-sursat arsenalı yerləşdirib"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2007 13:50 (UTC +04:00)
Müdafiə naziri: "Ermənistan Azərbaycanın işğal olunan ərazilərində qeydiyyatdan keçməyən böyük silah-sursat arsenalı yerləşdirib"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan dövləti Azərbaycanın işğal olunan ərazilərində heç bir qeydiyyatı aparılmayan silah-sursat arsenalının böyük bir hissəsini yerləşdirib. Bu bəyanatla cümə axşamı Avropa İttifaqı-Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri xanım Mari Ann İsler Beqənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev çıxış edib.

"Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasətini davam etdirməsi bölgədə situasiyanı daha da gərginləşdirir. Ermənistan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin tələblərini pozaraq nəzərdə tutulduğundan daha çox silah və sursata yiyələnib. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı bu məsələdə öz mövqeyini açıq şəkildə bildirməlidir" - deyə Əbiyev bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Əbiyevin sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycan zəruri tədbirlər görmək məcbiriyyəti qarşısında qalıb. "Biz münaqişənin dinc yolla həllinə üstünlük veririk, ancaq bu dözümlülük sonsuza qədər gedə bilməz. Azərbaycan istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən öz ərazi bütövlüyünü təmin etməyə qadirdir" - deyə Əbiyev əlavə edib.

Xanım Mari Ann İsler Beqən Azərbaycanın Ermənistanla münasibətlərindən və Azərbaycana qonşuluq səpgisində göstərilən təhdiddən xəbərdar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti