...

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Minsk qrupu həmsədrlərinin cəhdlərini əbəs sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2008 15:00 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Minsk qrupu həmsədrlərinin cəhdlərini əbəs sayır

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir E.Hüseynli/ Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov əmindir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin seçkilərə qədər har hansı razılığın əldə olunması cəhdləri nəticə verməyəcək.

1994-cü ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrləri (Fransa, ABŞ, Rusiya) ötən il dekabrın əvvəllərində ilk dəfə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə münaqişənin həllinə dair yazılı təkliflər təqdim ediblər.

Həmsədrlər Bernar Fasye, Metyu Brayza və Yuri Merzlyakovun dünəndən regiona növbəti səfəri başlayıb. Brayza dünən jurnalistlərə açıqlamasında Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərinə qədər münaqişənin həllində şifahi razılaşmanın mümkünlüyünü bildirib.

Ermənistanda prezident seçkiləri fevralın 18-də, Azərbaycanda isə oktyabrda keçiriləcək.

Bəhmənov deyib ki, rəsmi Bakı bu il sülh danışıqlarının davam etdirilməsinə ehtiyacın qalıb-qalmamasını aydınlaşdıracaq. Azərbaycan prezidenti hökumətin hesabat yığıncağında 2008-ci ili danışıqlar ili kimi qiymətləndirib. Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan Azərbaycanın işğal etdiyi Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər və Laçın rayonlarını azad etməlidir. Dövlət başcısı bildirib ki, məcburi köçkünlər Şuşa və Dağlıq Qarabağa köçdükdən sonra status məsələsi müzakirə predmeti ola bilər. Prezident bəyan edib ki, Azərbaycan bu il məsələnin sülh yolu ilə həll olunmasına baxacaq və qərar qəbul edəcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti