...

Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin törətdikləri yanğınların nəticələri açıqlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2008 14:42 (UTC +04:00)
Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin törətdikləri yanğınların nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir E.Babayev / Ermənilərin son günlər Azərbaycanın Ağdam və Füzuli rayonlarının işğal altında olan ərazilərində törətdikləri yanğınlar nəticəsində ətraf mühitə 39 208 manat dəyərində ziyan dəyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, may 27-də Ağdam rayonunun işğal altında olan Soltanlı, Nəmirli, Novruzlu, Sarıcalı kəndlərində 20 hektardan çox ərazidə erməni işğalçıları tərəfindən yanğınlar tərədilib.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Ermənilər tərəfindən son 3 ildə Azərbaycanın işğal altında olan ərazilərində yanğınların törədilməsi intensivləşib. ETSN bu faktla bağlı beynəlxalq təşkilatları məlumatlandırıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, nazirliyin Ağdam rayon Ekologiya və Təbii Sərvətlər şöbəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar zamanı torpağın üst münbit qatının yanması nəticəsində ətraf mühitə 22000, bitki örtüyünə 2200, atmosfer havasına isə 1084 manat ziyan dəydiyi müəyyənləşdirilib. Ümumilikdə, Ağdam rayonu üzrə ətraf mühitə 25284 manat ziyan vurulub.

Mayın 30-da isə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan və Horadiz kəndlərində ermənilər tərəfindən tərədilən yanğınlar zamanı 120 hektar sahədə bitki örtüyü və torpağın üst münbit qatı tamamilə yanıb, atmosferə xeyli miqdarda zərərli maddələr atılıb və ərazidəki fauna növləri yanaraq məhv olub. Mütəxəssislərin hesablamalarına görə, təbii otlaq sahələrinin və torpağın üst münbit qatının yanması nəticəsində ətraf mühitə 13200, atmosfer havasına 318 manat ziyan dəyib. Ümumilikdə, Füzuli rayonunda törədilmiş yanğınlar nəticəsində 13518 manat ziyan dəyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti