...

Rəsmi Bakı və yerli politoloqların Dağlıq Qarabağla bağlı Moskva danışıqlarına yanaşmaları müxtəlifdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2008 12:58 (UTC +04:00)
Rəsmi Bakı və yerli politoloqların Dağlıq Qarabağla bağlı Moskva danışıqlarına yanaşmaları müxtəlifdir

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında cümə günü Moskvada keçiriləcək görüşdə Ermənistan tərəfinin konsturktiv mövqe tutmasını gözləsə də, müstəqil politoloqlar danışıqlarda hər hansı irəliləyişin əldə olunmayacağını bildirirlər. "Münaqişənin həlli Ermənistanın konstruktiv mövqe tutmasından və beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsindən asılıdır", - deyə cümə günü Trend -a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib.

Trend -un arayışı: Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaq üçün cümə günü Moskvada görüşəcək. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasye (Fransa) də iştirak edəcəklər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 - 93 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan Ermənistanın sözdə deyil, atdığı addımlarda münaqişənin həllində konstruktiv mövqe tutmasını gözləyir.

Lakin Azərbaycan politoloqları Moskva görüşündən ciddi nəticələr gözləmirlər.

Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü, politoloq Asim Mollazadə bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi danışıqlar aparmır: "Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq üçün danışıqların imitasiyasını aparır. Ona görə də, Moskva görüşündə heç bir irəliləyiş əldə olunmayacaq".

Onun fikrincə, münaqişəninin həllində bu günə qədər irəliləyişin əldə olunmaması Ermənistanın mövqeyi ilə bağlıdır.

"Bu, adi danışıqlardır və münaqişənin həllində ciddi irəliləyişlərə səbəb olmayacaq", - deyə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri Vəfa Quluzadə bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti