Qırğızıstan, Bişkek, 02 fevral / Trend , müxbir R.Мəşədihəsənli/ NATO ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ mübaqişəsinin həlli ilə bağlı hər bir addımını dəstəkləyir, bu fikirləri bu gün Qırğızıstanda XİN-nin Diplomatik Akademiyasında NATO kitabxanasının açılışı ilə bağlı tədbirdə iştirak edən NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə təmsilçisi Robert Simons Trend -un əməkdaşının sualına cavabında bildirib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Simons deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində NATO-nun mövqeyi bəllidir.
"NATO həm Azərbaycanla, həm də Ermənistanla fəal əməkdaşlıq edir. Hər ikisi də bizim tərəfdaşımızdır. Bu ölkələrin əməkdaşlığa dair ayrı-ayrılıqda hərəkət planı vardır. Çox şadam ki, münaqişənin sülh və danışıqlar yolu ilə tənzimlənməsində son vaxtlar irəliləyiş nəzərə çarpır. Azərbaycan və Ermənistan prezidentləri artıq bir neçə dəfə görüşüblər və müəyyən razılığa gəlinib", - Simons əlavə edib.
Simons daha sonra bildirib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin münaqişənin sülh yolu ilə həllinə dair razılaşdığı hər bir məsələni NATO dəstəkləyir. "Məncə, bütün problemlər ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapmalıdır", - NATO təmsilçisi deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]