Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir C.Babayeva / Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Gürcüstandakı Azərbaycan ictimai təşkilatları ilə birlikdə Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlər təşkil edilib.
Xocalı soyqırımına həsr olunmuş tədbirlər çərçivəsində səfirliyin dəstəyi ilə K.Marcanişvili adına Tbilisi Dövlət Dram Teatrının səhnəsində "Körpü" tamaşası nümayiş olunub. Tamaşanı Tbilisi, Qardabani, Marneuli və digər bölgələrdə yaşayan azərbaycanlılar, həmçinin Gürcüstanın hökumət nümayəndələri seyr ediblər, - cümə axşamı səfirliyin yaydığı məlumatda bildirilib.
Fevralın 25-də Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan Parlamentinin vitse-spikeri Paata Davitaya, Gürcüstan Parlamentinin Səhiyyə və Sosial Müdafiə Komitəsinin sədri, Gürcüstan Milli Akademiyasının prezidenti, səfirliyin əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, habelə Azərbaycanın millət vəkili Qənirə Paşayeva və yerli Azərbaycan icmasının fəalları Tbilisi şəhərindəki Heydər Əliyev Fonduna məxsus ədəbi-mədəni tədbirlər mərkəzində Xocalı faciəsinə həsr olunmuş fotosərgi və azərbaycanlı uşaqların rəsm əsərlərinin sərgisinin açılışında iştirak ediblər.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Əliyev çıxış edərək, Xocalı soyqırımı barədə onları ətraflı məlumatlandırıb. Daha sonra tədbir iştirakçıları faciəni əks etdirən fotoşəkillərlə, rəsmi sənədlərlə, uşaq rəsmləri ilə tanış olublar, iştirakçılara Xocalı faciəsi ilə bağlı kitablar paylanılıb.
Fevralın 26-da Xocalı soyqırımı ilə bağlı Gürcüstan Azərbaycanlılarının Konqresi və Tbilisidə 64 saylı orta məktəbin Azərbaycan bölməsində tədbirlər keçirilib. Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında Xocalı faciəsinə həsr olunmuş "Müharibə" adlı ədəbi-bədii kompozisiya göstərilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]