...

ATƏT-in Daimi Şurası təmas xəttində baş verən insidenti cümə axşamı müzakirə edəcək – həmsədrlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2009 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı,  03 mart / Trend /

Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində ATƏT-in monitorinqi zamanı baş verən insident barədə məsələ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Daimi Şurasının cümə axşamı Vyanada keçiriləcək iclasında nəzərdən keçiriləcək. Bu barədə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib.

"Təmas xəttində sonuncu monitorinq zamanı baş verən insidentə cümə axşamı Vyanada ATƏT-in Daimi Şurası tərəfindən baxılacaq. Həmsədrlər Vyanadakı nümayəndələrimizin şuranın hazırkı sədri olan Yunanıstanın təklifini dəstəkləməsini istəyirlər", - deyə Novosti-Armeniya-nın verdiyi xəbərə görə, Yerevanda çərşənbə axşamı keçirilən mətbuat konfransında Merzlyakov bildirib. O, təkliflərin tərkibi barədə isə məlumat verməyib. 

Fevralın 26-da Füzuli rayonunun Horadiz yaşayış məntəqəsi yaxınlığında Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində ATƏT missiyası tərəfindən növbəti monitorinqin keçirilməsi planlaşdırılmışdı. Lakin monitorinq atəşkəs rejiminin pozulması səbəbindən baş tutmayıb.

Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti