...

Azərbaycan ziyalıları Türkiyənin Ermənistanla sərhədlərinin açılmasının Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir edəcəyinə inanmırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2009 14:01 (UTC +04:00)
Azərbaycan ziyalıları Türkiyənin Ermənistanla sərhədlərinin açılmasının Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir edəcəyinə inanmırlar

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan ziyalıları Türkiyənin Ermənistanla sərhədlərinin açılmasının Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir edəcəyinə inanmırlar.

"Türkiyə-Ermənistan əlaqələrinin istiləşməsi Dağlıq Qarabağ münaqişənin həllinə mənfi təsir göstərəcək. Sərhədlərin açılması Ermənistanı gücləndirməklə yanaşı, dondurulmuş Dağlıq Qarabağ münaqişəsini mumiyalaşmış münaqişəyə çevirə bilər", - cümə axşamı Trend -a Azərbaycan Ziyalıları Birliyinin (AZB) sədri Eldəniz Quliyev bildirib.

Trend -un arayışı: Avropa İttifaqının anonim yüksək vəzifəli məmuru ABŞ prezidenti Barak Obamanın Türkiyəyə apreldəki səfərindən sonra Türkiyə-Ermənistan sərhədinin açılmasına ümidini bildirib. Bu haqda informasiyanı Türkiyənin "Sabah" qəzeti yayıb. Obama Türkiyəyə 5-7 apreldə səfər edəcək.

Diplomat, sərhədlərin açılmasından sonra Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində danışıqlara meyl olmayacağı ilə bağlı fikirlərlə razı deyil. 

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 

AZB sədrinin sözlərinə görə, Türkiyə zaman-zaman siyasi müstəvidə qeyri-sabitlik nümayiş etdirib. "Türkiyə dini və dili bir olan qardaşına birmənalı yanaşmayıb. Bu gün həmin münasibət sərgilənir ki, bu da böyük təəssüf doğurur. Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycan-Türkiyə münasibətlərində sərinlik deyil, şübhə toxumu səpəcək ki, həmin toxumdan da nəyin cücərəcəyi hələ bilinmir", - Quliyev deyib.  

"Sərhədlərin açılması Türkiyənin öz işi olsa da, onun Azərbaycana görə çiyinlərində tarixi məsuliyyət var. Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərinin çox hissəsi Türkiyədəddir. Çünki ermənilər Türkiyəyə əl çatmadığı üçün Azərbaycanı daha çox vurublar və bugünkü vəziyyət də məhz bunun nəticəsidir. Türkiyə bunu nəzərə almalıdır və ölçülüb-biçilmiş addımlar atmalıdır", - Quliyev deyib.

Azərbaycan Ziyalıları Birliyinin (AZB) sədri Eldəniz Quliyevin fikrincə, Türkiyənin Ermənistanla yaxınlaşması Azərbaycandan uzaqlaşması ilə nəticələnməməlidir.

Azərbaycanın millət vəkili, şair Sabir Rüstəmxanlının fikrincə, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Dağlıq Qarabağ münaqişənin həllinə müsbət təsir edəcəyi ilə bağlı səsləndirilən fikirlər cəfəngiyatdır.

"Ermənistanın Türkiyəyə qarşı əsas iddasi qondarma "erməni soyqırımı"nı onun üzərinə yıxmaqdır. Amma sərhədlərin açılmasından söhbət gedərkən Türkiyənin dövlət rəsmiləri sərhədlərin açılmasının soyqırım məsələsinə aidiyyatı olmadığını bildirirlər. Sabah eyni fikirlər Dağlıq Qarabağ münaqişəsi barəsində də səsləndirilə bilər", - Rüstəmxanlı cümə axşamı Trend -a bildirib.

Rüstəmxanlının fikrincə, sərhədlərin açılması Azərbaycan-Türkiyə münasibətlərində arzuolunmaz vəziyyətlər yaradacaq. "Lakin Azərbaycan və Türkiyə münasibətləri əbədi qardaşlıq münasibətləridir. Hətta ən ciddi səhvlər belə bu münasibətləri tam poza bilməz", - o deyib.

Azərbaycanın xalq şairi, millət vəkili Vaqif Səmədoğlu cümə axşamı Trend -a deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin hansı şərtlərlə açılacağı məlum deyil. "Ermənistan Türkiyəyə qarşı heç bir coğrafi, "tarixi" iddia və şərtlərindən əl çəkən deyil. Bunu həm Türkiyənin dövlət başçısı, həm də ziyalıları bilir", - Səmədoğlu bildirib.

Səmədoğlunun fikrincə, ermənilər özünü ağıllı millət sayır, amma sərhədlərin açılması Ermənistanın onsuz da olmayan iqtisadiyyatını ümumiyyətlə iflic vəziyyətinə salacaq.

Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Azərbaycan-Türkiyə münasibətlərinə təsirinə gəlincə, Səmədoğlu münasibətlərdə müəyyən sərinlik yaranacağını deyib. "Sərinlik yaransa da, bu münasibətlər hansısa hadisə üzərində deyil, tarix üzərində qurulub. Bu münasibətlər əlbəttə ki, davam edəcək. Sərhədlərin açılmasından Türkiyənin necə istifadə etməsi hələ sual altındadır. Əminəm ki, Azərbaycanın xeyrinə istifadə etməyə çalışacaq. Sərhədlərin açılması Azərbaycanın xeyrinə də ola bilər, böyük ziyanına da. Hər halda gözləmək lazımdır", - Səmədoğlu deyib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti