...

Azərbaycan paytaxtında yürüşün keçirilməsinə icazə verilməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2009 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Qarabağ Azadlıq Təşkilatına (QAT) "İşğal olunmuş ərazilər günü"nün qeyd olunması ilə bağlı Şuşa şəhərinin işğalı günü - mayın 8-də yürüş keçirməyə icazə verilməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) QAT-ın yürüş keçirməklə bağlı müraciətinə cavab məktubunda yürüşün keçirilməsinin qadağan olduğu bildirilib. BŞİH Şuşa şəhərinin işğalı günü erməni terrorunun qurbanı olmuş şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə Şəhidlər Xiyabanının ziyarət edilməsini məqsədəuyğun hesab edib, çərşənbə axşamı QAT-ın yaydığı məlumatda bildirilib. 

Trend -un arayışı: Qarabağ Azadlıq Təşkilatı (QAT) "İşğal olunmuş ərazilər günü"nün qeyd olunması ilə bağlı mayın 8-də yürüş keçirmək məqsədi ilə aprelin 29-da Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı. Dinc yürüşün saat 11:00-dan 12:00-dək Hüseyn Cavid prospekti ilə Məşədi Əzizbəyovun heykəlindən Şəhidlər Xiyabanına qədər həyata keçirilməsi nəzərdə tutulurdu.  

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal olunub. Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb, o zaman təxminən 22 minə yaxın insan qaçqın düşüb. Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

Məlumatda bildirilib ki, QAT bu cür cavabın anlaşılmaz olduğunu hesab edib və Şuşanın işğalı günü Şəhidlər Xiyabanını ziyarət edəcəyini bildirib. QAT həmin gün bütün ictimai-siyasi qüvvələrin Şəhidlər Xiyabanını ziyarət etməsini zəruri hesab edir.

Trend -un arayışı: QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir. QAT-ın Azərbaycan üzrə 74 yerli şöbəsi və müxtəlif xarici ölkələrdə təmsilçiləri fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti