Azərbaycan, Bərdə, 1 iyun / Trend , müxbir, Ş.Cəliloğlu/ Erməni hərbçiləri Ermənistan ordusundakı dözülməz vəziyyətə etiraz olaraq Azərbaycan tərəfinə könüllü əsir düşüb.
Trend -un bölgə müxbirinin etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, erməni hərbçiləri Yerevandan hərbi xidmətə çağrılıb və 10 gündür Ermənistan ordusunda hərbi xidmətdədirlər.
Qeyri-rəsmi məlumata görə, erməni hərbçiləri mayın 31-də günorta saatlarında Goranboy rayonunun Gülüstan kəndi istiqamətində Azərbaycan tərəfə könüllü əsir düşüblər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisinin Azərbaycan tərəfinə əsir düşməsi ilə bağlı məlumat olduğunu bildirib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şain Sailov bazar ertəsi Trend -a bildirib ki, erməni hərbçilərinin Azərbaycan tərəfinə əsir düşməsi barədə məlumat olsa da, onların kim olması və hansı şəraitdə əsir düşməsi barədə hələlik məlumatsızdı.
Komissiya rəsmisi bildirib ki, hazırda bununla bağlı araşdırma aparılır.
Sailov qeyd edib ki, erməni hərbçilərinin əsir düşməsi faktını Ermənistan tərəfi rəsmi təsdiqləmir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, bu məsələ ilə bağlı gün ərzində rəsmi məlumat veriləcək.