"Suriya Dağlıq Qarabağ probleminin mürəkkəbləşməsini istəmir", - deyə Suriya Prezidenti Bəşər Əsəd çərşənbə günü Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyanla birgə keçirilən mətbuat konfransı çərçivəsində bildirib. Bu barədə Ermənistan Xəbərləri yazır.
"Əlbəttə, bu çətin problemdir, lakin biz onun daha da mürəkkəbləşməyini istəmirik, belə ki, Yaxın Şərq təcrübəsindən bilirik ki, bu halda məsələnin həlli çətinləşəcək", - Suriya Prezidenti bildirib.
Əsədin sözlərinə görə, o, Azərbaycana səfəri ərəfəsində Ermənistanın Qarabağ problemi barədə mövqeyini öyrənmək istərdi.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.