...

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü konstruktiv keçib – amerikalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2009 12:48 (UTC +04:00)
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü konstruktiv keçib – amerikalı həmsədr

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir E.Tariverdiyeva / 

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin işgüzar görüşü konstruktiv keçdi və bu, prezidentlər səviyyəsində növbəti görüşün müzakirəsinə hesablanmışdı", - Trend -a Parisdən telefonla amerikalı həmsədr Metyu Brayza deyib.

"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yanaşmalarımızı koordinasiya etdik və İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşünü hazırlamaqda davam etdik", - o bildirib.

Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Dağlıq Qarabağ məsələsi üzrə növbəti danışıqları cümə günü Parisdə keçirilib.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin əvvəlki görüşü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Sarkisyanın Sankt-Peterburqda, iyunun 4-də keçirilən görüşü çərçivəsində baş tutub.

Yüksək səviyyədəki bu görüş prezidentlərin Qarabağ məsələsi üzrə beşinci görüşü olub. Əvvəlki görüş mayın 7-də Praqada keçirilib. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada, üçüncü görüş isə bu il yanvarın 28-də Sürixdə keçirilib.

Brayzanın sözlərinə görə, prezidentlərin növbəti görüşü artıq iyul ayında, Moskvada keçirilə bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb  1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti