Azərbaycan, Bakı, 25 avqust / Trend , muxbir K.Zərablıyeva /
Dağlıq Qarabağ (DQ) münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin ailələri Beynəlxalq İtkin Düşmüş Şəxslər günü münasibətilə toplaşacaq.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, 30 avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər gününü qeyd etmək üçün avqustun 25-dən 30-na kimi Azərbaycanın beş şəhərində - Şəmkir, Gəncə, Ağcabədi, Bərdə və Bakıda keçiriləcək tədbirlərdə itkin düşmüşlərin xatirəsi yad ediləcək.
Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs sazişinin imzalanmasından 15 il keçib, ancaq 4500-dən çox itkin düşmüş şəxsin taleyi hələ də aydınlıq gətirilməmiş qalır.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndəliyinin axtarış üzrə nümayəndəsi Yelena Miloşeviç Lepotiç bildirib ki, tədbirlərə dəvət olunmuş şəxslərdən itkin düşmüş şəxsin istifadə etdiyi və ya çox xoşladığı, həmin şəxsdən ötrü xüsusi məna kəsb etmiş əşyanı gətirmək və həmin əşya ilə bağlı əhvalatı bölüşmək xahiş olunub.
"Bu, o deməkdir ki, hər bir itkin şəxs özünün şəxsi həyatı, işi, ailəsi, məşğul olduğu əyləncə və zövqləri, çaldığı musiqi aləti, iştirak etdiyi idman növü ilə ayrıca bir fərd və icmanın bir üzvü idi", - deyə Lepotiç vurğulayıb.
Beş şəhərdə təqdim olunacaq əşyaların şəkilləri və itkin düşmüş şəxslərin bu əşyalarla bağlı əhvalatları BQXK tərəfindən ayrıca kitabçada nəşr olunacaq. Bu mərasim zamanı həmçinin itkin ailələrinin yerli QHT nümayəndələrinin təmin etdiyi hüquqi, ictimai və psixoloji yardımdan faydalanmaq imkanı olacaq.
Lepotiç Azərbaycanın səlahiyyətli orqanlarının beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirmək səylərini dəstəkləyir.
Məqalə müəllifi ilə əlaqə unvanı:[email protected]