Azərbaycan, Bakı, 21 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan parlamentinin deputatı və ombudsman Ermənistanla sərhəddə yerləşən hərbi hissələrdən birində əsgərlərlə görüşüblər.
"Milli Məclisin deputatı Qənirə Paşayeva və ombudsman Elmira Süleymanova Tovuz rayonunda düşmənlə sərhəddə yerləşən "N" saylı hərbi hissədə əsgərlərə Pamazan bayramı münasibətilə hədiyyə verdikdən sonra müşahidə məntəqəsindən düşmən mövqelərini izləyiblər", - bu barədə bazar ertəsi Trend məlumat verib.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Deputat və ombudsman hərbi hissənin yeməkxanasına baş cəkiblər və hazırlanan yeməklərin keyfiyyəti ilə maraqlanıblar. "Əsgərlərlə söhbət edən Paşayeva və Süleymanova onların qayğıları ilə maraqlanıb. Deputat deyib ki, hazırda dinamik sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük irəliləyişlər var. Ordumuz son illər xeyli qüvvətlənib, onun maddi-texniki bazası möhkəmlənib", - məlumatda əlavə olunur.
Paşayeva və Süleymanova əsgərlərdə yüksək mənəvi-psixoloji hazırlıq müşahidə etdiklərini vurğulayıblar. "Bu həm də yüksək döyüş hazırlığından xəbər verir, əsgərlərimiz işğal altında olan torpaqları hər an azad etməyə hazır olduqlarını da dilə gətiriblər", - məlumatda bildirilir.
Paşayeva deyib ki, Pamazan ayı bütün dualarımızın qəbul olduğu aydır. "Mən inanıram ki, bütün Azərbaycan xalqının, hərbçisindən tutmuş sadə insanına kimi hər kəsin bu Ramazan ayında ən birinci duası, arzusu odur ki, Azərbaycanın işğal altında olan torpaqları işğaldan azad edilsin və biz gələn Ramazan bayramını o torpaqlarımızda qeyd edək", - deputat vurğulayıb.
Deputat və ombudsman daha sonra əsgərlik xidməti dövründə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]