...

Azərbaycanın mənafeyinə zidd addım atılması Türkiyə rəhbərliyi üçün intihar anlamına gələ bilər - Türkiyənin hakim partiyasının komissiya sədrinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2009 14:12 (UTC +04:00)

Türkiyə, Ankara, 14 oktyabr / Trend , müxbir Y.Əliyev/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə komissiyasının sədr müavini Gürşad Tuzmən azərbaycanlı deputatlarla görüşündə Azərbaycanın mənafeynə zidd addım atılmayacağını deyib.

"Azərbaycanın mənafeyinə zidd addım atılması Türkiyə rəhbərliyi üçün intihar anlamına gələ bilər", - Trend -un məlumatına görə, Azərbaycan Parlamentindən gələn deputat nümayəndə heyəti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndələri arasında keçirilən görüşdə Tuzmən bildirib.

Tuzmən onu da qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri emosional və etnik yaxınlıqla məhdudlaşmır. Onun sözlərinə görə, bütün bunlar nəzərə alındığı üçün Türkiyə hakimiyyətinin Azərbaycanın maraqlarına zidd addım atacağı mümkün deyil.

Görüşdə iştirak edən azərbaycanlı millət vəkilləri Ankara-Yerevan protokollarının imzalanmasından narahat olduqlarını çatdırıblar.

Millət vəkilləri onu da qeyd ediblər ki, Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasının əleyhinə deyil, lakin bu proses Azərbaycan torpaqlarının azad edilməsindən sonra həyata keçirilməlidir. Millət vəkilləri Türkiyə Parlamentindən Ankara-Yerevan protokollarının Azərbaycan torpaqlarının işğaldan azad edilməyincə, ratifikasiya etməməyi xahiş ediblər.

Deputatlar Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu haqda verdiyi bəyanatlara inandıqlarını bildiriblər. Eyni zamanda, türk diplomatiyasının bu məsələdə xarici təzyiqlə üzləşəcəyindən narahatlıqlarını da ifadə ediblər.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Azərbaycan Milli Məclisinin üzvlərindən - Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Əkrəm Abdullayev, Gültəkin Hacıbəyli, Asəf Hacıyev, Rövşən Rzayev və Fəzail Ağamalı mövcud vəziyyəti daha dərindən öyrənmək məqsədilə Ankarada bir sıra görüşlər keçirəcək.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti