Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan və Ermənistan parlamentlərinin deputatları Dağlıq Qqarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.
"Moskvada keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının sürətləndirilməsi, məcburi köçkünlərin yurd-yuvalarına qayıtması, iki icmanın nümayəndələrinin birgə yaşayışı məsələləri müzakirə olunacaq", - çərşənbə axşamı Trend -a Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Aslanova deyib ki, görüş Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə keçiriləcək.
Azərbaycan və Ermənistan deputatlarının görüşü oktyabrın 22-də keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]