Azərbaycan, Bakı, 22 oktyabr / Trend , Ü.Sadıxova/
Ermənistanla Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları davam etdirirlər, cümə axşamı Ermənistan xarici işlər nazirinin müavini Arman Kirakosyan Trend -un müxbirinin sualına cavab olaraq bildirib.
"Prezidentlər arasında yeddi görüş olub, bu, artıq danışıqlar prosesində müsbət haldır və Ermənistan tərəfi bunu qeyri-konstruktiv hesab etmir. Bu danışıqlar prosesi prinsiplərin müzakirəsi üçün çox həssas andır, ona görə də biz hesab edirik ki, Azərbaycan tərəfilə konstruktiv danışıqlar aparırıq", - Kirakosyan deyib.
Ermənistanlı nazir müavini QİƏT üzv ölkələrinin xarici işlər nazirlərinin Bakıda keçirilən iclasında iştirak edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Kirakosyanın sözlərinə görə, Ermənistan tərəfi üçün əsas olan odur ki, Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Madrid prinsipləri əsaında aparılır. "Siz bilirsiniz ki, danışıqlar çox həssasdır və tərəflər vasitəçilər tərəfindən təqdim olunan əsas prinsiplər üzrə nəticə və razılıq əldə etməlidirlər. Mən hesab edirəm ki, əsas prinsiplər üzrə razılıq əldə olunandan sonra bütün prosesdə dəyişiklik baş verəcək",- o deyib.