Azərbaycan, Bakı, 2 fevral / Trend , müxbir K.Zərbalıyeva/
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 2-də Azərbaycanın Tərtər rayonunundan 8 km cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, monitorinq baş tutsa da qarşı tərəfdən atəş səsləri gəlib.
"Bunu Azərbaycan tərəfdə monitorinqi keçirən nümayəndələrin özləri də eşidiblər. Eyni zamanda qarşı tərəfdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik və onun səhra köməkçiləri də atəş səslərinin eşidildiyini təsdiqləyiblər. Lakin Kasprşik bu atəş səslərinin ermənilər tərəfdə olan poliqondan gəldiyini iddia edib. Borsunlu kəndi yaxınlığında olan zabitlərimiz isə atəşin təkcə poliqonda deyil, eyni zamanda qarşı tərəfin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə yönəldilərək açıldığını qeyd ediblər. Monitorinq keçirilən zaman mövqelərimizə 3 dəfə atəş açılıb", - Nazirliyin məlumatında qeyd olunub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.