...

İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2010 13:12 (UTC +04:00)
İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından ciddi narahatdır, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin deputatları ilə görüşündə Azərbaycan - İsveçrə dostluq qrupunun rəhbəri xanım Kristin Egerzegi-Obrist deyib.
İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından narahatdır

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/

İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından ciddi narahatdır, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin deputatları ilə görüşündə Azərbaycan  - İsveçrə dostluq qrupunun rəhbəri xanım Kristin Egerzegi-Obrist deyib.

"Bütün insanlar sülh və əmin-amanlıq şəraitində yaşamalıdırlar. Biz Azərbaycanın problemin həllindəki mövqeyini dəstəkləyirik. Düşünürük, çətin də olsa, münaqişənin sülh yolu ilə həlli mümkündür", - xanım Kristin Egerzegi-Obrist əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Milli Məclis sədrinin müavini, işçi qrupunun rəhbəri Bahar Muradova Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib, bu problemin təkcə ölkəmizin deyil, bütövlükdə regionun inkişafına ciddi maneə yaratdığını və təhlükəsizliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb, Azərbaycanın bu problemin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib.

Muradova qonaqlara Azərbaycan Parlamentinin fəaliyyəti, qanunvericilik bazası, ölkəmizdə həyata keçirilən islahatların uğurlu nəticələri barədə ətraflı məlumat verib. O demişdir ki, iqtisadi inkişafına görə Azərbaycan regionda lider dövlətdir, dünyada baş verən qlobal maliyyə böhranına ən az məruz qalan ölkədir. Ölkəmizdə insan hüquqlarının müdafiəsi, söz azadlığı, tolerantlıq digər ölkələrə nümunədir.

İsveçrə-Azərbaycan dostluq qrupunun rəhbəri xanım Kristin Egerzegi-Obrist yenidən Azərbaycanda olmasından məmnunluğunu bildirib O deyib ki, İsveçrə kiçik dövlətdir və böyük dostlara ehtiyacı vardır.

"Ona görə də biz sürətlə inkişaf edən Azərbaycan ilə əməkdaşlıqda maraqlıyıq", - xanım Kristin Egerzegi-Obrist deyib.

Azərbaycan-İsveçrə dostluq qrupunun üzvlərinin bu gündən Azərbaycana səfəri başlayıb.

Xəbər lenti

Xəbər lenti