Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Baş nazirinin müavini hesab edir ki, məcburi köçkünlərin hüquqlarının qorunması məqsədilə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən yeni konvensiya qəbul edilməlidir.
"BMT tərəfindən məcburi köçkünlərin hüquqlarını qorumaq məqsədilə yeni konvensiya qəbul edilməlidir, qaçqınlarla bağlı konvensiya yenilənməlidir. BMT-nin qaçqınların statusu haqqında qəbul etdiyi konvensiya var. Lakin bu konvensiya bugünkü qaçqınların problemlərinin həllinə cavab vermir. Dünyada məcburi köçkünlərin hüquqlarını tənzimləyəcək hüquqi baza yoxdur", - Trend-in məlumatına görə, bunu cümə axşamı 18 İyun - İnsan hüquqları gününə və Ekologiya ilinə həsr edilmiş "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etik aspektləri" mövzusunda ombudsmanların 8-ci Bakı Beynəlxalq Konfransında çıxışı zamanı Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.
Həsənov deyib ki, insan hüquqları və iqlim dəyişiklikləri dünyanın qlobal problemləridir.
"Son dövrlər dünyada təbii fəlakətlərin hamısı iqlim dəyişiklikləri ilə əlaqədardır. İnsan cəmiyyəti bu problemə biganə yanaşır. Bu problemə xüsusi fikir verilməlidir", - Həsənov deyib.
Baş nazir müavininin sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarının 20 faizindən çoxunu 18 ildir işğalda saxlayır.
"Bir milyon qaçqın-köçkün problemi yaranıb. SSRİ dövründə Azərbaycanda yaradılmış Dağlıq Qarabağ probleminin dünyada analoqu yoxdur. Bu problem insan hüquqlarının kobud şəkildə pozuntusu ilə davam edir. Azərbaycanın milli qanunvericiliyi qaçqın və məcburi köçkünlərlə bağlı çox mütərəqqidir. Azərbaycanda qaçqın və köçkünlərin hüquqlarının qorunması ilə bağlı 26 qanun, 62 fərman və sərəncam, Nazirlər Kabineti tərəfindən 270-dən artıq normatriv akt qəbul edilib. Münaqişə başlayandan indiyədək qaçqın və məcburi köçkünlərin saxlanması üçün 3 milyard dollar vəsait xərclənib. Onun 800 milyonu beynəlxalq təşkilatlar, qalan hissəsi isə Azərbaycan hökuməti tərəfindən həyata keçirilib", - Baş nazirin müavini deyib.
Həsənov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmasa, insan hüquqlarının pozulması davam edəcək.
"Beynəlxalq təşkilatlar qəbul olunan qərarların icrasını təmin etməli, qərarların icra mexanizmini hazırlamalıdırlar. Əgər qərarların icrasını təmin edə bilməyəcəklərsə, onlara biganə münasibət olacaq", - Dövlət Komitəsinin sədri bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.