...

Azərbaycan "kasetli" silahlara dair BMT Konvensiyasına qoşulmaqdan çəkinməyə məcburdur - XİN nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2010 12:40 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu bazar ertəsi Xarici İşlər Nazirliyinin Silahlara nəzarət şöbəsinin mütəxəssisi Elçin Hüseynli Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"da deyib.
Azərbaycan "kasetli" silahlara dair BMT Konvensiyasına qoşulmaqdan çəkinməyə məcburdur - XİN nümayəndəsi

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan "kasetli" silahlara dair BMT Konvensiyasına qoşulmaq imkanına malik deyil.

Trend-in məlumatına görə, bunu bazar ertəsi Xarici İşlər Nazirliyinin Silahlara nəzarət şöbəsinin mütəxəssisi Elçin Hüseynli Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"da deyib.

"Azərbaycanın Dağlıq Qarabağı və ətrafındakı regionlar işğal altındadır. Ona görə də Azərbaycan bu konvensiyaya qoşulmaq imkanına malik deyil. Azərbaycan bu konvensiyanın tərəfdarıdır, lakin ərazilərin işğalı davam etdikcə, Azərbaycan bu konvensiyaya qoşulmaqdan çəkinməyə məcburdur. Eyni zamanda, Azərbaycan bu sahədəki təşəbbüsləri alqışlayır", - Hüseynli bildirib.

XİN nümayəndəsi bildirib ki, "kasetli" hərbi sursatlarının tamamilə ləğv edilməsi XXI əsrdə dünya ictimaiyyəti qarşısında qoyulmuş ən mühüm məqsədlərdəndir. Onun sözlərinə görə, 2007-ci ildən etibarən, Azərbaycan Oslo prosesi çərçivəsində keçirilən bütün konfranslarda müşahidəçi qismində iştirak edib və prosesi yaxından izləyib.

"Azərbaycan tərk-silah üzrə hümanitar prinsipləri əsas götürür. Ölkəmiz nüvə silahlarının qadağan edilməsi və digər bu kimi konvensiyalara qoşulub", - Hüseynli deyib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, "kasetli" silahlara dair konvensiya bu il avqustun 1-dən qüvvəyə minib.

Səfixanovun sözlərinə görə, "kasetli" silahlar ilk dəfə Koreya müharibəsi zamanı yaranıb və istifadə olunub. 2003-cü ildə "kasetli" silahlara qarşı koalisiya yaradılıb. Norveç hökumətinin təşəbbüsü ilə bu tipli silahların qadağan olunması üzrə beynəlxalq aləmdə səylər göstərilməyə başlanılıb, qanunların müəyyənləşməsi barədə tədbirlər görülüb. 2007-ci ildə Osloda konfrans keçirilib və bəyannamə qəbul edilib. Oslo prosesi başlandıqdan sonra, Azərbaycan hökuməti də bu prosesdə iştirak edib.

Konvensiya "kasetli" silahları qadağan edir. Bu silahların işlənməsinin qarşısını alır və həmin silahların qurbanı olmuş insanlara yardım edilməsini təmin edir.

Avropa Şurasının insaq hüquqları üzrə komissarı Tomas Hammerbeq bir müddət öncə Azərbaycanın və Ermənistanın "kasetli" silahların qadağan edilməsi ilə bağlı konvensiyaya qoşulmasını irəli sürmüşdü.

Xəbər lenti

Xəbər lenti