Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir K.Zərbalıyeva/
ATƏT-in bu gün Ermənistan-Azərbaycan təmas xəttində keçirdiyi monitorinq baş tutub.
Müdafiə Nazirliyi mətbuat xidməti rəhbərinin müavini Teymur Abdullayev çərşənbə axşamı Trend-ə bildirib ki, avqustun 31-də Azərbaycan Respublikası Xocavənd rayonunun Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Caslan Nurtazin, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik, onun səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçiriblər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.