...

Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu artmalıdır – Azərbaycan Parlamentinin vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Sentyabr 2010 14:00 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədri və SSRİ-nin hüquqi varisi kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolu artmalıdır. Bu barədə şənbə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib.
Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu artmalıdır – Azərbaycan Parlamentinin vitse-spikeri

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir М.Əliyev/

ATƏT-in Minsk qrupunun həmsədri və SSRİ-nin hüquqi varisi kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolu artmalıdır. Bu barədə şənbə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib.

Rusiya Prezidenti Dmitri Medvedev sentyabrın 2-3-də Azərbaycanda rəsmi səfərdə olub.

Əsgərovun sözlərinə görə, Medvedev Bakıda növbəti dəfə Dağlıq Qarabağ münaqişəsi üzrə Rusiyanın mövqeyini səsləndirib, lakin o, yalnız mənəvi öhdəliklərdən danışıb. "...Mən belə hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri və SSRİ-nin hüquqi varisi kimi Rusiyanın rolu artmalıdır. Ən azından ona görə ki, Dağlıq Qarabağ problemi bizə Sovet İttifaqından miras qalıb və bu problemi bizim üçün Rusiyanın varisi olduğu SSRİ yaradıb. Buna görə də mövcud problemin həllində Moskvanın üzərinə böyük məsuliyyət düşür", - vitse-spiker deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Əsgərov Medvedevin Bakıda verdiyi bəyanatların təcrübi olaraq gerçəkləşəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti