Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir S.Ağayeva/
İşğal olunmuş ərazilərdə Azərbaycan şəhərləri, xüsusilə də, Ağdamın adının erməni dilinə dəyişdirilməsi Ermənistandakı müəyyən qüvvələrin yeni oyunudur. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.
Onun sözlərinə görə, belə hərəkət Ermənistanın daxilindəki bəzi qüvvələrin vəziyyəti çətinləşdirmək və kəskinləşdirmək niyyətinə sübutdur.
Qondarma "Dağlıq Qarabağ Respublikası" hökumətinin qərarı ilə Ağdam adı dəyişdirilərək Akna qoyulub və Əsgəran şəhərinin məhəllələrindən birinə çevrilib.
"Mən hesab edirəm ki, beynəlxalq təşkilatlar Ermənistanın bu cür hərəkətini kəskin mühakimə etməli və erməni siyasi elitasının belə oyunlarına son qoymalıdırlar", - Ramiz Mehdiyev deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.