Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamalnamasında irəliləyiş davam etdirilməlidir. Almaniyanın kansleri Angela Merkel belə hesab edir.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş gələcəkdə də davam etdirilməlidir", - çərşənbə günü Astanada ATƏT sammitində Merkel bəyan edib.
ATƏT sammiti 1-2 dekabrda Astanada keçirilir. Bu, son on ildə təşkilatın ilk sammitidir. Sammitdə ATƏTin üzv ölkələrinin əksəriyyətinin liderləri iştirak edirlər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.