...

ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət barədə hesabatı faktlara əsaslanmalıdır – parlamentin vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2010 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/

ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət barədə hesabatı geniş və faktlara əsaslanan olmalıdır. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova deyib.

"Qiymətləndirmə missiyası son dəfə belə hesabatı beş il bundan əvvəl təqdim edib, lakin keçən müddət ərzində işğal olunmuş ərazilərdə erməni vəhşilərinin əməlləri nəticəsində Azərbaycanın tarixi-mədəni abidələri daha çox dağıdılıb. Buna görə hesabat daha geniş olmalı və bu faktları tam əks etdirməlidir", - Muradova qeyd edib.

Vitse-spiker Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti real əks etdirəcək hesabatın obyektiv olacağına ümid etdiyini bildirib.

"Bu sənəd münaqişənin həlli zamanı mətnində göstərilən faktlara istinad etmək üçün əhəmiyyət kəsb edir", - o, qeyd edib.

ATƏT-in qiymətləndirmə missiyası oktyabrın 4-dən 14-dək Azərbaycanın işğal olunmuş ərazilərində olub. ATƏT-in Minsk qrupunun həmsədrlərini BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri müşayiət ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti