Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir T.Hacıyev/
Dağlıq Qarabağda baş verəcək müharibədə Azərbaycan məğlubiyyətdən sığortalanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
"Müharibəni şərtləndirən əsas məsələ Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir. Növbəti müharibədə Azərbaycan üçün məğlubiyyət yoxdur", - Əhmədoğlu əlavə edib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemi ilə bağlı bir sıra məsələlərdə cəsarət nümayiş etdirib.
"İşğal olunmuş torpaqlar ifadəsinin, Stepanakert əvəzinə Xankəndi adının işlənməsi məsələsi gündəmə gəldi. Bu, ATƏT-in Minsk qrupu tərəfindən atılmış kifayət qədər cəsarətli addımlardır", - politoloq deyib.
Əhmədoğlunun fikrincə, 2010-cu ildə ATƏT-in Minsk qrupu qətiyyətsizlik də nümayiş etdirib.
"Ermənistan Madrid prinsiplərini qəbul etmədi. Ancaq ATƏT Ermənistana heç bir irad bildirmədi. Bu, ATƏT-in Minsk qrupunun qətiyyətsizliyi deməkdir. ATƏT bununla da alternativ vasitəçiliyə yol açıb. İndi BMT və Avropa İttifaqı münaqişənin tənzimlənməsi üçün kifayət qədər aktiv müstəvidədirlər", - o, vurğulayıb.
Politoloq deyib ki, 2010-cu ildə Azərbaycanın Qarabağ məsələsində mövqeyini möhkəmləndirmək üçün kifayət qədər mühüm işlər görülüb. "2010-cu ildə Azərbaycan Prezidenti Qarabağ Məsələsini milli ideyaya çevirib. Hərbi məsələlərə böyük önəm verilib, bir sıra böyük təlimlər keçirilib, hərbi xərclər artırılıb, hərbi doktrina qəbul olunub, Azərbaycan ordusu həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələləyə qədəm qoyub", - politoloq əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.