...

İspaniyada Xocalı Soyqırımının 19-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2011 22:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Cümə günü Azərbaycanın İspaniyadakı Səfirliyində Xocalı Soyqırımının 19-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Bu barədə Trend-ə Azərbaycan Respublikasının İspaniyadakı Səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Tədbirin hazırlıq işi kimi, İspaniyanın bir neçə parlament üzvünə, insan haqları üzrə qeyri-hökumət təşkilatlarına, beyin mərkəzlərinə, ölkədə akkreditə olunmuş digər ölkələrin Səfirlərinə və 30-a yaxın televiziya, qəzet, jurnal, internet xəbərləri və digər media nümayəndələrinə müvafiq dəvət məktubları və Xocalı soyqırımı barədə tanışlıq məlumatı göndərilib.

Banqladeşin, Qazaxıstanın, İranın, Serbiyanın və Türkiyənin Səfirlərinin, Amerika, Çexiya, Ukrayna, Gürcüstan kimi bir çox ölkənin Səfirliklərinin nümayəndələrinin qatıldığı tədbiri Səfir A.Əfəndiyev çıxış sözü ilə açaraq soyqırımının tarixi, onun dünya ictimaiyyəti arasında tanıdılması vacibliyi, bu səpkidə beynəlxalq aləmdə aparılan müvafiq təbliğat işləri və xüsusi ilə 2009-cu ildə başlamış "Xocalıya Ədalət" kampaniyası barədə tədbir iştirakçılarına məlumat verib.

Səfirin çıxışından sonra, Xocalı soyqırımı zamanı həyatlarını itirmiş Azərbaycan vətəndaşlarının xatirəsi bir dəqiqəlik sükut ilə yad edildi. Soyqırım barəsində bir çox kitab və bröşürlərlə yanaşı ingilis dilində müvafiq sənədli film və ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyinin "USAİD" dəstəyi ilə "Dəyirman" qrupunun və Amerikanın tanınmış rep ifaçısının Toni Blackmanın birlikdə ifa etdikləri "Xocalıya Ədalət" video çarxı tədbir iştirakçılarına nümayiş etdirilib.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndindən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti