...

"Xocalı soyqırımı şahidlərin dilindən" kitabının təqdimatı keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2011 16:35 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva təqdimat mərasimində çıxışı zamanı qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan xalqının tarixində baş verən ən ağır faciələrdən biridir.
"Xocalı soyqırımı şahidlərin dilindən" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir T.Hacıyev/

"Xocalı soyqırımı şahidlərin dilindən" adlı kitabın təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Həvva Məmmədovanın birgə müəllifi olduğu kitab Azərbaycan və türk dillərində nəşr olunub.

Millət vəkili Qənirə Paşayeva təqdimat mərasimində çıxışı zamanı qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan xalqının tarixində baş verən ən ağır faciələrdən biridir.

"Dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün əlindən gələni etməlidir", - Paşayeva əlavə edib.

Millət vəkili qeyd edib ki, bu kitabı hazırlamaq və nəşr etdirməklə öz üzərilərinə düşən vəzifəni yerinə yetirməyə çalışıblar. Onun sözlərinə görə, kitab Xocalıda baş vermiş soyqırım aktını şahidlərin dili ilə oxucuya çatdırır.

"Kitabda Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələri yer alıb. Burada həmçinin həmin dövrdə dünya mediasında Xocalı soyqırımı ilə bağlı dərc olunmuş məqalələr, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirləri, bəyanatları, Azərbaycan Milli Məclisinin dünya parlamentlərinə müraciətləri öz əksini tapıb. Kitabda soyqırımla bağlı müxtəlif beynəlxalq təşkilatlarda yayılmış və əbul olunmuş sənədlər də yer alıb", - Paşayeva vurğulayıb.

Millət vəkili onu da qeyd edib ki, soyqırım dəhşətlərini, ümumən, erməni terrorunu əks etdirən fotofaktların əks olunduğu kitabda dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar, o cümlədən həlak olan, əsir və girov götürülən, itkin düşən Xocalı sakinlərinin, bütün üzvləri öldürülmüş ailələrin siyahıları da verilib.

Paşayeva bildirib ki, hazırda kitabın ingilis dilindəki versiyası üzərində iş gedir.

"Kitabın ingilis versiyasının təqdimatı keçirildikdən sonra digər dillərə tərcümə olunması istiqamətində də iş aparılacaq", - o deyib.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti