...

Dağlıq Qarabağ münaqişəsi İKT xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2011 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir A.Tağıyeva/

Dağlıq Qarabağ münaqişəsi İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı ən prioritet məsələlərdən biri olacaq. Bu barədə Trendə İKT-nin rəsmi nümayəndəsi Əbdürrauf bin Rəcəb bildirib.

"Ən əsas mövzulardan biri "Ermənistanın Azərbaycana təcavüzü" mövzusu olacaq", - bin Rəcəb deyib.

2011-2012-ci illərdə İKT-nin sədri olan Qazaxıstan iyunun 28-30-da Astanada İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasını keçirəcək.

İKT 1969-cu ildə yaradılıb və əhalisinin ümumi sayı 1,2 milyardı ötən 57 müsəlman ölkəsini özündə birləşdirir. Keçmiş SSRİ məkanındakı ölkələrdən Azərbaycan və Mərkəzi Asiyanın bütün beş respublikası İKT-nin üzvüdür.

Daha dörd dövlət, o cümlədən Rusiya, Şimali Kipr Türk Respublikası İKT-də müşahidəçi statusuna malikdirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti