...

Türkiyənin yeni hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2011 10:49 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi bütün türk dünyasının problemidir, ona görə də Türkiyənin yeni hökuməti bu münaqişənin sülh yolu ilə həlli üçün mümkün olan hər şeyi edəcək.
Türkiyənin yeni hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Tağıyeva/

Dağlıq Qarabağ münaqişəsi bütün türk dünyasının problemidir, ona görə də Türkiyənin yeni hökuməti bu münaqişənin sülh yolu ilə həlli üçün mümkün olan hər şeyi edəcək. Bu barədə hakim Ədalət və İnkişaf Partiyasından Türkiyə Böyük Millət Məclisinin deputat seçilmiş Mustafa Kabakçı bildirib.

"Türkiyə həmişə Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycanla eyni mövqeni tutacaq", - Kabakçı Ankaradan telefonla Trend-ə bildirib.

Deputatın sözlərinə görə, Türkiyənin yeni hökuməti Azərbaycanla sıx əməkdaşlığı davam və qardaşlıq münasibətlərini inkişaf etdirəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Türkiyədə keçirilən seçkiləri şərh edərkən Kabakçı bildirib ki, bu seçkilər ölkədə demokratiyanın möhkəmləndiyini və inkişaf etdiyini sübut etdi.

"Türkiyədə müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyi seçkilər keçirildi. İndi ölkə parlamentində müxtəlif millətlərin nümayəndələri iştirak edəcəklər", - o, bildirib.

Kabakçının fikrincə, Ədalət və İnkişaf Partiyasının qələbəsinin başlıca səbəbi bu partiyanın məqsədlərinin xalqın cəhd və istəkləri ilə üst-üstə düşməsidir.

"Ədalət və İnkişaf Partiyası bütün türk xalqlarının birliyinə və həmrəyliyinə can atır", - deputat bildirib.

Kabakçının sözlərinə görə, AKP-nin başlıca məqsədi Türkiyənin gələcək inkişafına yardım edəcək yeni sivil konstitusiya yaratmaqdır.

Türkiyədə keçirilən parlament seçkilərində, proqnozlaşdırıldığı kimi, Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) bülletenlərin 99 faizi hesablandıqdan sonra seçicilərin 50 faizinin səsini toplayaraq qalib gəlib.

Əldə olunan nəticələrlə Ərdoğanın partiyası yeni parlamentdə 326 mandat əldə edib ki, bu da ona birpartiyalı hökumət formalaşdırmaqda kömək edəcək. Lakin bu, AKP-yə TBMM-də yeni konstitusiyanın sərbəst şəkildə qəbul edilməsinə və referendum keçirilməsinə imkan vermir.

Türkiyə Konstitusiyasına görə, prezident partiya liderinə müvafiq tapşırıq verdiyi andan 45 gün ərzində hökumət formalaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti