...

Ermənistan-Türkiyə sərhədləri Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra açılacaq - nazir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2011 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Ermənistan-Türkiyə sərhədləri "Ermənistanla Azərbaycanın bir-birinin əlini sıxmasından dərhal sonra" açılacaq. Aİ-yə daxil olmaq üzrə danışıqlarda Türkiyə nümayəndə heyətinin rəhbəri Egemen Baxış belə hesab edir.

Baxışın sözlərinə görə, Ermənistan və Türkiyənin gələcəkdə insanların, xalqların və ölkələrin iztirablarının qarşısını almaq üçün birlikdə işləmək şansları var. Bu barədə "Sinxua" agentliyi Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verib.

"Türkiyə qonşuları ilə "sıfır problemlər", həm də onun qonşularının regiondakı qonşuları ilə problemlərinin olmamasını istəyir", - Baxış deyib.

2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin yaxşılaşdırılmasına dair protokollar imzalanıb. Lakin protokollar hələ də iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayıb.

İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə pozulub.
1993-cü ildə münasibətlərin pozulmasına və Türkiyə-Ermənistan sərhədinin bağlanmasına səbəb Yerevanın dünyada "erməni soyqırımı"nın tanınmasına iddiası və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti